Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və  Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” Qaydası ilə tənzim edilir.

 

  1. Qeydə alınan qrant müqavilələri.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair bütün müqavilələr (qərarlar), o cümlədən sub-qrantlar, qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələr, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi halları qeydə alınmalıdır.  Qrant müqavilələrinin qeydə alınması qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən  həyata keçirilir.

Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən, Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) isə qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur.

Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunur.

 

  1. Müqavilələrin (qərarların)qeydə alınması üçün təqdim edilən sənədlər

Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  1. müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
  1. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;
  1. donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  1. müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti;
  1. müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;
  1. “Qrant haqqında” Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən (Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri)) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti;
  1. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd;
  1. Donor qismində çıxış edən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə.

Siyahının 3, 5, və 6-cı bəndlərində nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilməlidir.  Bundan başqa xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməli, xarici ölkədə tərtib olunmuş sənədlər isə həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

 

  1. Qeydiyyat orqanı tərəfindən araşdırılan məsələlər

Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün aşağıdakılar araşdırılır:

  1. təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu;
  1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu;
  1. resipiyentin “Qrant haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi;
  1. müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;
  1. Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;
  1. Qrant müqaviləsinin qeydə alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;
  1. qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun Qanunun 2-ci maddəsinin 2-ci hissəsində (Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.) nəzərdə tutulmuş siyahıda olması;
  1. “Qrant haqqında”Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi;
  1. müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi.

 

  1. Müqavilələrin (qərarların) qeydə alınması qaydası

Qeydiyyat orqanıbu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda,15 (on beş)gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15  (on beş) günədək uzadıla bilər.

4.6. Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və  həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddət təyin edir.

 

  1. Müqavilələrin (qərarların) qeydə alınmasından imtina edilməsi halları

Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından aşağıdakı hallarda imtina edilir:

  1. Qrant müqaviləsinin (qərarın) qeydə alınması üçün tələb olunan sənədlər təqdim edilmədikdə;
  1. Qeydiyyat orqanı tərəfindən araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;
  1. Ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;
  1. Qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.