Vergi hesabatları

Digər vergi ödəyiciləri kimi QHT-lərdə vergi öhdəliyini qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq vergi uçotunda olduqları vergi orqanına bəyan etməlidirlər.

QHT-lər ödəmə mənbəyində, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamə təqdim edirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü vergi ili, bütün digər hallarda isə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür. QHT-lər muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri verərkən onlardan ödəmə mənbəyində vergi tutmağa borcludurlar. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri, habelə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri iş gününə düşdüyü halda bəyannamə növbəti iş günü təqdim edilə bilər. Bəyannamə formaları və onlarıın doldurulma qaydaları ilə tanış olmaq üçün bu linki tıklayın: http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang=

Vergi bəyannamələrini elektron şəkildə göndərmək üçün QHT rəhbəri müvafiq Ərizə formasını bir nüsxədə, Müqavilə formasını isə 2 nüsxədə doldurub imzalamalı (möhürləməli) və uçotda olduğu vergi orqanına təqdim etməlidir. Bu sənəd formalarını Vergilər Nazirliyinin rəsmi internet saytı olan taxes.gov.az vasitəsilə elektron bəyannamələrin qəbulu üzrə səhifəyə xüsusi keçid və ya e-taxes.gov.az – İnternet Vergi İdarəsinin ƏRİZƏ və MÜQAVİLƏ bölməsindən əldə etmək olar.

Vergi orqanı ərizəni qəbul etdiyi tarixdən sonrakı 2 gün müddətində müqavilənin imzalanıb (möhürlənib) təsdiq edilməsini təmin edir. Müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd mübadiləsinin aparılması üçün zəruri istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə qapalı zərfdə təqdim edilir.

Bəyannamələrin elektron qaydada təqdim edilməsi qaydaları ilə ətraflı tanış olmaq üçün bu linki tıklayın: http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&cat=3