Təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə qeydə alınmış faktların sonrakı dəyişiklikliyin edilməsi ilə bağlı sənədlərin hazırlanması və qeydiyyata alınması

İstər milli QHT-nin, istərsədə xarici QHT-nin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. (Nümunə 1)

Ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Ərizədə qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı, həmçinin baş vermiş dəyişiklik göstərilməli (qurumun adının, təsisçilərinin, təşkilati-hüquqi formasının, hüquqi ünvanının, fəaliyyət predmetinin, qanuni təmsilçisinin, nizamnamə kapitalının və s. dəyişməsi) və aşağıdakı qeyd yazılmalıdır: “Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.”

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar;

– təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər.

Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:

  1. hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
  2. qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
  3. təsisçilər dəyişildiyi halda– təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri;
  4. fondda nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə – müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);
  5. nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə) və digərləri. (Nümunə 2)
  6. xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya  filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol);

QHT-nin və xarici QHT-nin nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində edilmiş dəyişikliklər, habelə dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. QHT-nin və xarici QHT-nin nümayəndəlikləri və ya filialları tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

Nümunə 1.Təsis sənədlərinə edilən dəyişiklik, eləcə də qeydə alınmış faktların sonrakı dəyişikliyi ilə bağlı Ərizə forması.

Nümunə 2. Nizamnaməyə edilmiş dəyişikliyi əks etdirən sənəd