Xarici QHT-nin filial və nümayəndəliyinin dövlət qeydiyyatı

Azərbaycan Respublikasında xarici QHT-nin filial və nümayəndəliyinin qeydiyyatı 12 dekabr 2003-cü il tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respubikasının Qanunu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-cil il 19 mart tarixli 2 – N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları” ilə tənzimlənir. Qanunvericiyin tələbinə görə xarici QHT-nin filial və nümayəndəliyinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə “İctimai Birliyin qeydiyyatı” bölməsində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilməlidir:

  • Nümayəndəliyi və ya filialı yaradan xarici QHT və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
  • Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici QHT-nin qərarı;
  • Azərbaycan Respublikasında xarici QHT-in filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.
  • Nümayəndəliyin və ya filialın təsisçisi olan xarici QHT-nin qeydiyyatını təsdiq edən sənəd. (Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır)
  • Nümayəndəliyi və ya filialı yaradan xarici QHT tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
  • Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici QHT-nin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
  • Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, bu sənədlər qanunla müəyyən edilmiş qaydada legallaşdırılmalıdır.

 

Xarici QHT-nin filial və ya nümayəndəliyinin yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti, o cümlədən nümayəndəliyin və ya filialın Əsasnaməsində, həmçinin nümayəndəliyi və ya filialı yaradan hüquqi şəxsin qeydiyyatını aparmış qurumun adı, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, rəhbərinin səlahiyyətləri göstərilməlidir.

 

Xarici QHT-in filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması və bağlanması

Bu məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”ilə tənzim edilir.

Sazişin hazırlanması və bağlanması prosesi 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə xarici QHT-nin səlahiyyətli nümayəndəsi filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir. Müraciətdə təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

  • Filialın və ya nümayəndəliyin təsisçisi olan təşkilatın qeydiyyatını təsdiq edən sənədin surəti;
  • Nizamnamənin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surəti;
  • Təşkilat tərəfindən səlahiyyətli nümayəndənin adına verilmiş etibarnamənin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surəti.

Göstərilən sənədlərə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, qanunvericiliklə müəyyən edilmiş qaydada apostil verilməli və ya onlar leqallaşdırılmalıdır.

Tələb olunan sənədlər təqdim olunduqda, filial və ya nümayəndəliyin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanmasına dair münasibət bildirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilir. Toplanmış rəylərin nəticələri müsbət olduğu halda, prosesin növbəti mərhələsinə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən danışıqlara başlanılır.

Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi bir daha müzakirə edilir və dəqiqləşdirilir.

Danışıqlar prosesində təşkilatın Azərbaycan Respublikasının ərazisində gələcək fəaliyyəti aşağıdakılarla şərtləndirilir:

  • Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək;
  • Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq;
  • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq;
  • siyasi və dini təbliğatla məşğul olmamaq;
  • qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək.

Danışıqlar zamanı tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan təkliflər danışıqların predmeti ola bilməz. Danışıqlar nəticəsində təşkilat tərəfindən yuxarıda göstərilən şərtlər qəbul olunmadıqda, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilərək danışıqların aparılması dayandırılır.

Göstərilən şərtlər təşkilat tərəfindən qəbul edildikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş bağlanılır. Saziş bağlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.