MİLLİ MƏCLİSDƏ QHT-lərlə ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANDI

Oktyabrın 17-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiləri,  ayrı-ayrı QHT-lərin rəhbərləri, mətbuat nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.
Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu mərasimin reallaşmasında Milli Məclis Sədrinin tövsiyə və tapşırıqlarının xüsusi rol oynadığını diqqətə çatdırdı. Qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra ölkədə mühüm addımlar atılıb. Qanunun mahiyyətinə və Azərbaycan Prezidentinin tövsiyəsinə uyğun olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası ilə parlament arasında, həmçinin vətəndaş cəmiyyəti arasında daha sıx əlaqələr qurulub. Memorandumun imzalanması indiyədək görülmüş işlərin yekunu və məntiqi nəticəsidir.
Əli Hüseynli xatırlatdı ki, Milli Məclisin bütün komitələri rəsmi sənəd olmadan da illər boyu qanunvericilik prosesində vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edib. Bir sıra qanunların ictimai müzakirəsi məhz parlament rəhbərliyinin dəstəyi ilə Milli Məclisin binasında keçirilib. Əməkdaşlıq nəticəsində Azərbaycan qanunlarında hər zaman geniş mənada vətəndaş cəmiyyətinin iradəsi öz əksini tapıb.
Komitə sədri Anlaşma Memorandumunun imzalanmasını ölkədəki demokratik inkişafın yeni mərhələsi kimi dəyərləndirdi. Bildirdi ki, hüquqi, demokratik, dünyəvi dövlətin əsl mahiyyətinə xidmət edəcək bu yeni sənəd Milli Məclislə QHT-lər arasında və bütövlükdə vətəndaş cəmiyyəti arasında münasibətləri tənzimləyəcək. Əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək.
Mərasimdə çıxış edən   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev imzalanacaq sənədin əhəmiyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin Milli Məclislə tərəfdaş səviyyəsinə çatması Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin güclənməsi istiqamətində həyata keçirdiyi islahatların, demokratiyanın inkişafına verdiyi dəstəyin nəticəsidir.  Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın müddəaları ardıcıl olaraq həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, 2011-ci ildə Avropa İttifaqının dəstəyi ilə keçirilən beynəlxalq konfransda QHT-lərlə iş üzrə Azərbaycanın təcrübəsi model təcrübə kimi qəbul olunub və yayılıb.
Azay Quliyev bildirdi ki, vətəndaş cəmiyyətini özünə tərəfdaş kimi görən Azərbaycan parlamenti qanunların hazırlanmasında QHT-lərin sanballı dəstəyini görmək istəyir. Şuranın sədri QHT-lərə etimad göstərən Milli Məclisin Sədri Oqtay Əsədova və Anlaşma Memorandumunun hazırlanmasında böyük əməyi olan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə dərin təşəkkürlərini çatdırdı.
Tədbirdə Azərbaycan Milli QHT Fondunun prezidenti Rauf Zeyni Anlaşma Memorandumunun meydana gəlməsində xidməti olanların hamısına minnətdarlıqlarını bildirdi. Qeyd etdi ki, bu sənəd qanunların əhali arasında yayılmasında, maarifləndirmə işlərinin aparılmasında, vətəndaşlarla Milli Məclis arasında sıx əlaqələrin qurulmasında mühüm rol oynayacaq.
Parlamentlə qeyri-hökumət təşkilatlarının əlaqəsindən söz açan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli nəzərə çatdırdı ki, başçılıq etdiyi komitədə bütün qanun layihələri QHT-lərin iştirakı ilə müzakirə olunub.
Çıxışlarda vurğulandı ki, Azərbaycanda QHT-lər bütün hallarda dəstəklənir və dövlətin əsas tərəfdaşıdır. Bütün ictimai-siyasi proseslərdə, ictimai əhəmiyyətli məsələlərin həllində vətəndaş cəmiyyəti arzu olunan tərəfdaşdır.
Yekunda sənədin imzalanma mərasimi oldu. Anlaşma Memorandumunu Milli Məclis adından Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından həmin şuranın sədri Azay Quliyev imzaladılar.