Fokus qrup müzakirəsi keçirilib

jpeg 1İyunun 26-da Bakıda bir qrup vəkil və peşəkar hüquqşünasların iştirakı ilə dövlət hesabına hüquqi yardım xidmətinə çatımlılığın yaxşılaşdırılması mövzusuna həsr olunmuş fokus qrup müzakirə keçirilib.
Görüşdə məqsəd pulsuz hüquqi yardım xidməti üzrə mövcud qanunvericilik bazası və praktikadakı boşluqların, çatışmazlıqların aşkarlanması və bu sahədə müsbət dəyişiklərə xidmət edən təklif və tövsiyyələrin əldə edilməsi idi.
Xüsusilə əhalinin aztəminatlı hissəsinin dövlət hesabına hüquqi yardım xidmətlərinə çıxışının təmin olunmasının, bu xidmətin keyfiyyətinin artırılmasının həm dövlətin sosial məqsədləri, həm də ədalət mühakiməsinin maraqları baxımından zəruri olduğu bildirilib.
Müzakirə zamanı pulsuz hüquqi yardım xidməti üzrə mövcud qanunvericilik bazasının ciddi dəyişikliklərə ehtiyacı olduğu, həmçinin məhkəmə-hüquq sistemində islahat proqramında da əks olunduğu nəzərə almaqla bu sahəni tənzimləyəcək ayrıca qanunun qəbulunun vacibliyi vurğulanıb.
Səsləndirilən əsas təkliflərdən biri qəbul ediləcək yeni qanunda pulsuz hüquqi yardım xidmətinin şamil olunduğu hüquq sahələrinin əhatə dairəsinin genişləndirilməsi, xüsusilə birinci instansiya məhkəmələrində ailə, mülki vəs. münasibətlərə də aid edilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin belə xidmətlərin şamil olunduğu əhali kateqoriyalarının, xüsusilə aztəminatlı və həssas qrupların dairəsinin qanunda konkret ifadə olunması təklif edilib.
Həmçinin Vəkillər Kollegiyası və vəkil bürolarında tətbiq edilən növbətçilik cədvəllərinə ciddi riayət olunması; hakimlər və istintaq orqanları əməkdaşlarının, həmçinin vəkillərin pulsuz hüquqi yardım işinə münasibətinin dəyişdirilməsinə yönəlik tədbirlərin görülməsi; vəkil xidmət haqqı tariflərinin artırılması; pulsuz hüquqi yardım xidməti işinin təşkili və idarəolunması məqsədilə ayrıca qurumun yaradılması; regionlarda pulsuz hüquqi yardım xidməti mərkəzlərinin yaradılması; gənc hüquqşünasların və hüquq fakültəsi tələbələrinin bu prosesə cəlb edilməsi; dövlət hesabına hüquqi yardım xidmətinin keyfiyyətinə nəzarət məqsədilə monitorinqlərin təşkili və s. təkliflər səsləndirilib.
Qeyd: Fokus qrup müzakirəsi Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” üzrə “Aztəminatlı və həssas əhali qrupuna hüquqi yardım xidmətinin yaxşılaşdırılması” təşəbbüsü çərçivəsində baş tutub.

jpeg 2

Bunlar da hoşunuza gidebilir...